CategoriesBloq Velosipedlə tanışlıq

Velosiped növləri

Dağ velosipedləri

Hard trail

Əksər hallarda öndə 1 amortizatoru olan velosipeddir. Dağ velosipedləri arasında həm nahamar, çuxurlu yollarda həm də düz yollarda istifadə etmək üçün idealdır. Habelə, yüngüllük cəhətdən də üstünlüyə sahibdir. Lakin, zərbə təsirini udması digər növlərə nisbətən daha azdır.

Trail

Daş örtüklü,  palçıqlı, off-road ərazilər üçün münasib növdür. Yoxuş və enişlərin komfortu üçün daha çox sürət ötürücülərinə sahibdir. Əksər modellərdə 26 inch təkərlər istifadə olunur. Ön və arxa amortizatorlara sahibdirlər. Amortizatorun giriş-çıxış məsafəsi 120-160 mm-dir. 1-2 metrəlik məsafələrdən tullanmaq, müxtəlif hərəkət etmək bir sözlə adrenalin dolu sürüşlərdə sizə həzz verəcəkdir.

 

 

 

XC (cross-country)

MTB modelləri arasında ən yüngül çərçivəyə sahibdir.  Əsas xüsusiyyəti nahamar ərazilərdə daha sürətli hərəkət etməkdir. Eniş və yoxuşlarda kifayət qədər sürətə sahibdir. Əvvəlki modellərin 26 inch olmasına baxmayaraq hal-hazırda 29 inch təkərlərli modelləri daha çox istifadə olunur. Habelə, tək amortizatorlu növləri də üstünlük təşkil edir. Amortizatorun giriş-çıxış məsafəsi 80-120 mm-dir.

 

Enduro / All-mountain

İkili amortizatora sahib, sükanı idarəsi həssas olan velosiped növüdür. Downhill velosipedləri kimi tullanışlarda yüksək potensiala sahibdir. Downhill-dən çəki etibarı ilə yüngüldür, lakin dözümlülüyü Downhill qədər olmasa da kifayət qədər qənaətbəxşdir.  Əksər hallarda 26 və ya 27.5 inch təkərlərdən istifadə olunur. Amortizatorun giriş-çıxış məsafəsi 150-180 mm-dir.

 

Downhill / Park

Ağır və ən dözümlü velosiped növüdür. Sükan idarəsi çox həssasdır. Sözügedən velosipedin əsas təyinatı adından da məlum olduğu kimi enişlər üçündür. Yüksək məsafələrdən tullanışlar etmək, yoxuş aşağı maneələri aşmaq birsözlə hər cür adrenalini təminatını ödəyəcək velosipeddir.  İkili amortizatora sahibdir. Amortizatorun giriş-çıxış məsafəsi 180-200 mm-dir.

 

Fat bike

Əsas təyinatı qum, qar və palçıqlı yollarda təkərin batma ehtimalı olduğu hər yerdə rahat sürüş etmək üçündür. Təkər həcmi digər dağ velosipedlərinə nisbətən 2 qat böyük olur. Bununla da təkər yerə daha yaxşı təmas edir.  Amortizator təchizatı modelinə görə dəyişiklik göstərir. Bəzi modellər amortizatorlu bəziləri isə amortizatorsuz olur.

 

Şəhər velosipedləri

 

City bike (şəhər velosipedi)

Velosiped ilə işə, bazara, məktəbə ümumən velosipedi şəhərdə nəqliyyat vasitəsi kimi istifadə etmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Əsasən amortizatorsuz olurlar, lakin amortizatorlu modelləri də mövcuddur. Komfort, bu modellərdə əsas özəlliklərdən biri hesab olunur. Qısa məsafəli sürüşlər üçün ideal seçimdir.

 

Hybrid

Dağ, tur və yol velosipedinin harmoniyasıdır. Nibətən nahamar olan və düz, asfalt yollarda istifadə edilir. Şəhərdaxili və şəhərətrafı gəzintilərdə komfortlu sürüş həzzinə sahibdir. Amortizatorlu və amortizatorsuz modelləri mövcuddur.

 

BMX

Tullanış, şov xarekterli göstərişlər üçün istifadə olunan velosiped növüdür. Çərçivələrinin çox balaca olmasına baxmayaraq, dözümlülük  cəhətdən qənaətbəxşdir. Təkərlər ölçüləri 20 və ya 24 inch olur.

 

Cruiser

Cruiser, dəniz sahilində istirahət edərkən sahilkənarı sürüşlər üçün nəzərdə tutulmuşdur. Əsasən ötürücüsüz olurlar. Bəzi modelləri 2 və ya 3 ön ötürücüyə sahib olur. Qum üzərində rahat hərəkət etməsi üçün bir sıra modellərin arxa təkəri nisbətən daha böyük ölçüdə olur.

 

Pinokyo

Standart velosiped sisteminə sahib olan velosiped növüdür. Belə ki, ötürücüsüz və pedalı arxaya çevirdikdə əyləc funksiyasını görə 1990-ci illərin ən çox istifadə olunan velosipedidir. Lakin, yeni növ pinokyo velosipedlər müxtəlif ötürücü sistemlərə sahibdir.

 

Recumbent

Recumbent velosipedlər həmçinin “tənbəl velosipedi” olaraq da tanınmaqdadır. 2 və ya 3 təkərli modellərə sahibdir. Yol, şəhər və mtb disklərinə sahib ola bilirlər. İdaraetmə çətindir, ancaq aerodinamika özəlliyinə sahib olması və ələlxüsus yol diskləri ilə təchiz olunan modelləri yüksək sürətlərə çata bilir.

 

Folding (qatlanan velosiped)

Qatlanabilmə özəlliyinə sahib olan, əksər hallarda 20 inch təkərlərlə təchiz olunan şəhər velosipedidir. İdarəetməsi nisbətən çətin olan və nisbətən də komfortsuz olan bu velosipedlər şəhərdaxili qısa sürüşlər üçün və ən əsası yer problemi yaratmaması bu növün ən böyük üstünlüyüdür.

 

Pedicap

Kuba respubilkasında daha geniş yayılmış bu velosiped əsasən taksi fəaliyyəti üçün istifadə olunur. 3 və daha artıq təkərli modelləri mövcuddur.

 

Dutch

Şəhərdaxili sürüşlərdə, günlük nəqliyyat vasitəsi kimi istifadə olunan bu velosipedlər düz yollar üçün ideal seçimdir. Çərçivə geometriyası, ağırlıq və ötürücü sisteminə görə yoxuşlarda istifadəsi məqsədəuyğun deyildir.

 

Şosse / yol velosipedləri

 

Endurance

Şosse velosipedləri arasında yüksək komforta sahib sahib olan bu velosipedlər uzun məsafəli yollarda sizi yormayacaq geometriya ilə istehsal olunub. Digər yol velosipedlərinə nisbətən bir az dik vəziyyətdə istifadə olunması şəhərdaxili sürüşlərdə ətrafı daha rahat görmənizə zəmin yaradacaqdır. Əsasən disk əyləclə təchiz olunur, ancaq v-brake tipli əyləcləri də mövcuddur. İlk şosse velosiped seçimi üçün idealdır. Yüksək sürət və enişlərdə (nisbətən) stabil deyildir. 700x23c, 700x25c təkərlərə sahibdirlər.

 

Fitness

Yol velosipedinin düz sükana sahib olan modelidir. Bu modelə “performance hybrid bike”, “fitness hybrid bike” da deyilir. İncə təkərlərə sahib olmasına baxmayaraq, daha qalın təkər istifadəsinə də şərait yaradır. Düz sükanın verdiyi komfortla yanaşı sizə şosse velosipedinin həzzini nisbətən yaşadacaqdır.

 

Tur velosipedi

Uzun məsafəli, ölkədaxili və ölkəxarici səyahətlər üçün münasib, bir çox yerdən yükdaşıma nöqtəsi olan velosipeddir. Tur velosipedlərinin düz və kəpənək sükanlı modelləri də mövcuddur. Velosipedin əsas məqsədi sizə uzun sürüşlərdə komfort yaratmasıdır. Bu səbəblə də yoxuşlarda belə sizə komfort yaradacaq geometriyaya sahibdir.

 

Cyclocross

Dağ və şosse velosipedinin harmoniyasıdır. Velosipedin əsas təyinatı məhz palçıq və nahamar yollarla örtülü yarışlarda istifadə etmək üçündür. Əyləc kabelləri çərçivə içərisindən və yaxud çərçivənin üstündən keçir. Çərçivənin üst borusunun alt hissəsi digər modellərə nibətən düz olaraq dizayn edilib. Bu səbəblə ki, yarışlarda bəzən sürücülər yolun ən bərbad hissəsində velosipedi çiyninə alaraq yarışı davam etdirirlər. Haçanın geniş olması səbəbi ilə böyük ölçülü təkərləri taxmaq mümkün olur. Yarışdakı maneələri rahat keçməsi üçün sükan idarəetməsi çox həssasdır. Sükana verdiyiniz yönləndirməyə dərhal cavab verir. Bu həssaslıq səbəbi ilə cyclocross velosipedlər gündəlik sürüşlərdə istifadə olunmur.

 

Velodrome

Yanlız qapalı məkanlarda təşkil olunan velosiped yarışlarında istifadə edilən ən komfortsuz velosiped növüdür. Məqsədin sürət olması səbəbi ilə, əyləc və ötürücü sistemə malik olmurlar. Habelə velosipedin yüngüllüyü də əsas hədəflərdəndir.

 

Time Trial / TT bike

Geometriya öçüləri daha yaxşı aerodinamika təlabatını təmin etmək üçün dizayn edilir. Bu səbəblə ki, sözügedən velosiped məhz yarış xarekterlidir. Bu velosipedlər standart şosse velosipedlərinə nisbətən sürücünün daha çox əyilməsini tələb edir ki, bu da aerodinamikaya təsir edir. Bu əyilmə nisbəti yerə paralel olacaq dərəcədədir. “Time Trial”-da əsasən əllər sükanın “aerobar” hissəsinə qoyularaq idarə olunur. Sükan idarəetməsi həssas olan bu velosipedlər şəhəriçi, şəhərətrafı sürüşlər üçün o qədər də ideal deyildir.

 

Aero

Aero velosipedlər məhz aerdinamika əsaslı olduğu üçün çərçivə, sükan, disk dizaynları mümkün qədər küləkdən az təsirlənməsi üçün təchiz edilmişdir. TT/Time trail və yarış velosipedlərinin qarışığıdır. Əsas təyinatı düz yol olması səbəbi ilə dönmə qabiliyyətləri məhduddur. “Canyon” markası aero çərçivələrin 14 km/s öz təsirini göstərdiyini söyləmişdir. Habelə, sürət artdıqca təsir də artmağa davam edir. Disk qalınlığı hər nə qədər sürət artımına kömək etsə də küləkli havalarda ələlxüsus yan küləklərə qarşı çox həssasdır. Yan küləklər hər an velosipedin aşmasına təhlükə yaradacaqdır. Bakı kimi küləkli şəhərlərdə istifadə edilməsi tövsiyə olunmur. Yanlız, küləksiz havalarda istifadə etmək olar. Velosipedin aerodinamik tələbatının ödənilməsi üçün komfort bu velosipeddə arxa planda qalır.

 

Gravel

Geometriya cəhətdən endurance velosipedlərə ən çox oxşayan növdür. Gravel modellər nahamar yollarda sürətli getmə imkanını yaradır. Lakin, mtb velosipedlər kimi tullanışlar etmək üçün nəzərdə tutulmayıb. Bu növün əsas hədəfi həm nahamar yollarda istifadə olunması həm də yeri gəldikdə düz yollarda sürətli getmə imkanını yaratmasıdır. Endurance geometriyasına sahib olması sizə komfortlu sürüş imkanı yaradacaqdır. Üzərində bir çox yük daşıma nöqtələri olan bu velosipedlər uzaq məsafələrə tur etmək üçün də münasibdir. Geniş haçaya sahib olması səbəbi ilə istər qalın istərsə də nazik təkər qoyulma imkanına sahibdir.

 

Fixie / Fixied-gear

Yalnız 1 ötürücüdən ibarət olan Fixie velosipedlər əyləc sisteminə sahib deyil. Velosiped pedalını irəli çevirdikdə önə, geri çevirdikdə geriyə, çevirmədiyiniz zaman isə dayanacaqdır. Əsasən qış aylarında istifadə edirlər. Çünki, istifadəçilər bədənin daim hərəkətdə olmasını, isti qalmasını istəyirlər. Habelə, tək ötürücülü olduğu üçün çox problem yaratmırlar.  Bu velosipedlər daha çox xarici velokuryerlər tərəfindən istifadə olunur və müxtəlif növ yarışları keçirilir.

 

Performance / Lightweight

Əsasən yoxuş qalxmaq üçün istifadə olunur. Sükan idarəetməsi həssas, lakin komfort baxımından əlverişsiz olan bu növlərin çərçivə ağırlıqları çox yüngül olmaqdadır. Belə ki, bəzi modellərin çərçivəsində “üzərinə oturmayın” kimi nişanlar mövcuddur.

Məqaləni oxuyub həvəsə gəlmisinizsə, Pedalchi servisdən velosiped icarələyib dadını çıxara bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir